“Naxçıvan könüllülərinin könüllülük fəaliyyətində yeni mərhələ” Regional Forumu keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “İdeyanı reallaşdır” qrant müsabiqəsinin qaliblərindən biri kimi NMİ-nin 3 cü kurs tələbəsi Bəhriyyə Hüseynlinin “Naxçıvan könüllülərinin könüllülük fəaliyyətində yeni mərhələ” adlı regional forum layihəsinin icrasına başlanılıb.
Forum çərçivəsində “Gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir” mövzusunda reallaşan panel müzakirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, İnstitutunun rektoru Azad Novruzov spiker qismində çıxış ediblər. Nazir müavini könüllülük hərəkatının ölkəmizdə, eləcə də muxtar respublikada təşəkkül tarixi və bu qarşılıqsız fəaliyyət növünün gənclər üçün əhəmiyyəti barədə danışıb, nazirliyin öz fəaliyyət planında könüllülərlə işin təşkilinə xüsusi önəm verdiyini, könüllülərin ictimai-mədəni həyatda, irihəcmli layihələrdə, təcrübə mübadilələri, o cümlədən təlim və düşərgələrdə iştirakına şərait yaradıldığını diqqətə çatdırıb.
Gün ərzində könüllülərlə iş sahəsində çalışan məsul şəxslərin iştirakı ilə müxtəlif panel müzakirələri təşkil olunub.
Forumun işi ölkəmizdə gənclər və könüllülük siyasəti, müasir dövrdə gənclərin müxtəlif sahələrdə könüllü fəaliyyətləri, gələcək karyeralarında könüllülüyün faydaları ilə bağlı gedən yeni proseslərin müzakirəsindən, eyni zamanda bu sahədə görülən işlərin genişləndirilməsinə dəstək, gənclərimizin sosial və təhsil həyatlarında aktiv könüllü fəaliyyətini təmin etmək məqsədilə təkliflər paketinin hazırlanılmasından ibarətdir.